- Başlıq
- Şirkətin adı, yerləşdiyi məkan və tarix
- Birinci abzas, (lead)
- Əsas mətn
- Şirkət haqqında məlumat
- Əlaqə məlumatı
Başlıq
Başlıq press-relizin birinci ən əhəmiyyətli hissəsidir. Onun vəzifəsi oxucunu (potensial müştərini) ən azı press-relizin birinci abzasını oxumağa həvəsləndirməkdir. Başlıqdan press-relizin mahiyyəti və məqsədli auditoriyası aydın olmalıdır.
Press-reliz başlığı 2 suala aydın cavab verməlidir:
1. Söhbət nədən gedir?
2. Press-relizin yerləşdirildiyi nəşrin oxucuları üçün nə ilə maraqlıdır?
Başlıq yığcam, maraqlı və yaddaqalan olmalı və eyni zamanda, mütləq məktubun məzmundan “xəbər” veməlidir. Başlığı məktubun mövzusunda da («… şirkəti haqqında xəbər» qeydi ilə), məktubun özündə də (e-mail-lə göndərilirsə) və əlbəttə ki, press-relizin mətnində də yerləşdirmək olar.
Başlığı yazarkən ardıcıllığı gözləməmək, yəni əvvəl mətni yazıb, sonra başlıq fikirləşmək də olar.
Başlıq fikirləşib tapmaq vərdişi ayrıca bir sənətdir. Başlıq elə ilk baxışdan oxucuda təəssürat oyatmalı və onu mətnlə maraqlanmağa “məcbur” etməlidir. Yaxşı olar ki, cəlbedici başlığın yaradılmasına daha çox vaxt ayrılsın. Və ya, "Press-Reliz Yayım Xidməti"nə müraciət edin – biz kömək edərik.
Şirkətin Adı, yerləşdiyi məkan və tarix
Oxucunun söhbətin kimdən getdiyini o saat anlaması üçün şirkətin adını press-relizin əvvəlində göstərmək daha məqsədəuyğundur. Əlbəttə, şikətin adı məktubun mətnində və eləcə də əlaqə koordinatlarında rast gəlinməlidir.
Şirkətin adından sonra tarix və məkan göstərilməlidir. Yəni oxuculara press-relizdə əks olunmuş hadisənin harada və nə zaman baş verdiyi çatdırılmalıdır. Məsələn: Bakı, Azərbaycan – 06.11.2006.
Həmçinin materialın nə zaman dərc edilməsinin zəruriliyini göstərmək də məqsədəuyğundur. «Təcili» qeydi relizi alan şəxsə materialdan həmin an istifadə oluna biləcəyini göstərir. Lakin, məlumatın «təcililiyi»ndən sui-istifadə etmək olmaz: bu qeyddən yalnız məlumatın həqiqətən də fövqəladə əhəmiyyətə malik olduğu halda istifadə etmək doğrudur. Həmçinin press-relizin “... tarixdən tez olmayaraq” qeydi ilə konkret dərc edilmə tarixini də göstərmək olar.
Birinci abzas (lead)
Xəbər jurnalistikasında qəbul olunmuş ifadə üslubu («çevrilmiş piramida» prinsipi) mühüm məlumatın mətnin əvvəlində, təfərrüatlarını isə daha sonra göstərməyi nəzərdə tutur. Buna görədə press-reliz “Şirkətdə hansı yenilik var?” sualına cavab kimi tərtib edilməlidir.
Birinci abzas bütün mətnin əsas ideyasını özündə daşımalı və müstəqil, tamamlanmış mənaya malik olmalıdır. Lid adətən 2-3 cümlədən ibarət olur. İdeal varinatda - bir cümlədən.
Burada press-relizin əsas mahiyyətini bir qədər təfsilatı ilə (başlıqla müqayisədə) ifadə etmək vacibdir. Lakin xırdalıqlara varmadan – bunu sonra da etmək olar – nə barədə məlumat veriləcəyi açıqlanmalıdır. Sadəcə olaraq nə barədə danışacağınızı qısa olaraq şərh edin.
Bu, eyni zamanda press-relizlərin müəllifləri üçün yazdıqlarının mənasını anlamaq üçün çox faydalı işdir.
"Press-Reliz Yayım Xidməti" məsləhət görür: əgər press-relizin mətnini 2-3 cümlə ilə ifadə etmək mümkün deyilsə, deməli, onu dəyişdirmək lazımdır.
Press-reliz elə ilk abzasdan beş suala cavab verməlidir:
- Kim: Hadisənin subyektlərini müəyyənləşdirmək və təsvir etmək lazımdır.
- Nə: Mətbuat və cəmiyyət nə barədə məlumatlandırılmalıdır?
- Harada: Əgər bu hansısa hadisə və ya mətbuat konfransıdırsa, harada keçiriləcəyi haqqında məlumat verilməli, ehtiyac yaranarsa, məkanın xəritəsi əlavə olunmalıdır.
- Nə zaman: Tarix, həftənin günü və dəqiq vaxt aydın göstərilməlidir.
- Nə üçün: Bu hadisənin hansı səbəbdən yarandığı dəqiq izah olunmalıdır.
Əsas mətn
Press-relizin əsas mətninin məqsədi açıqlanmış informasiyanı daha ətraflı təqdim etmək və maraqlı detalları (rəqəmlər, faktlar, şərhlər) əlavə etməkdir. Bu zaman «Kim, nə, harada, nə zaman və nə üçün» qaydasına riayət etmək arzuolunandır, yəni əslində məhz bu sualların cavabı relizin əsas məzmununu təşkil edir.
Press-relizin əsas mətni də başlıq və birinci abzas kimi sadə dildə yazılmalıdır. Ən mühüm informasiya press-relizin əsas mətninin əvvəlinə mümkün qədər yaxın yerləşdirilməlidir. Çünki, oxucunun marağını (son hədəf - mətnin sonunadək) qoruyub saxlamaq press-relizi tərtib edənin əsas vəzifəsidir.
Mətndə xəbərin oxucu auditoriyası üçün dəyərini vurğulamaq vacibdir. Bu səbəbdən də press-reliz yazarkən oxucu mövqeyində durmağı və bu xəbərin onu nə ilə maraqlandıra biləcəyini anlamağı bacarmaq mühüm şərtdir. Oxucunun “Bunun şəxsən mənə nə aidiyyəti var?” sualına əvvəlcədən cavab verilməlidir.
Həmçinin, hansı informasiyanın mətbuata təqdim oluna biləcəyinə, hansının məxfi olduğuna və rəqiblər tərəfindən şirkətin zərərinə istifadə oluna biləcəyinə nəzarət edilməlidir. Bununla belə, press-reliz konkret məlumatları özündə əks etdirməli, dəqiqləşdirilməmiş, təxmini məlumatların daxil edilməsinə yol verilməməlidir.
Şirkətin rəhbərlərindən birinin qısa şərhi və ya fikirləri mətni daha canlı və maraqlı edir. Lakin seçilən sitat informativ olmalı və tam reklam səciyyəsi daşımamalıdır.
Bir şəxsə istinad edilərkən həmin şəxsin tam adı, soyadı, tutduğu vəzifə, ehtiyac olarsa – ünvanı, hazırki və keçmiş titulları, verilən məlumata aidiyyət dərəcəsi, təcrübəsi göstərilməlidir.
Hər bir yarımmövzünun öz abzasının olması, bir abzasda cümlə sayının 2-3-dən artıq olmaması arzuolunandır.
Press-relizin əsas mətnin hazırlayarkən aşağıdakı qaydalara əməl edilməlidir:
Ünvansız olmamalı
Relizlərin hazırlanması zamanı onların hansı KİV-lərə göndəriləcəyi nəzərə alınmalıdır. Əgər İT nəşrinə hansısa inşaat şirkətin yeni saytının açılması ilə bağlı press-reliz daxil olursa və burada əsas diqqət şirkətin istifadəyə verdiyi çoxmərtəbəli yaşayış binalarına yönəldilirsə, təbii ki, belə relizin kompüter nəşrində dərc olunması üçün şansı yoxdur. Hətta press-reliz ödənişli əsasda dərc edilsə belə, bu KİV-in oxucularının həmin press-relizi oxuyacağına şans qalmır. Press-relizin ixtisaslaşmış nəşrlərə və İnternet-KİV-lərə göndəriləcəyi halda daha çox oxunacağına inanmaq olar.
Vədlər verilməməli
Press-relizlərdə müəlliflərin, məsələn gələcək planları ilə bağlı vədləri bir o qədər də samballı görünmür. Bu vədlər reallığa çevrildiyi zaman onları işıqlandırmaq olar.
Özünütərifə aludə olmamalı
Mətndə faktlara əsaslanmağa və mübaliğədən qaçınmağa çalışmaq lazımdır. Şirkətin təkzib edilməz üstünlüklərindən və yalnız ehtiyac olduğu halda bəhs etmək məqsədəuyğundur. Reliz reklam məlumatı kimi tərtib edildiyi halda (hərçənd ki, reliz istənilən halda məhz belə olur), o, ciddi qəbul olunmayacaq və deməli, daha az əhəmiyyətli olacaq. Oxucu auditoriyası arasında məşhur və populyar insanların şirkət haqqında rəylərindən qısa sitatlar da əlavə etmək mümkündür.
Yalan danışılmamalı
Nə təsadüfən, nə də bilərəkdən. Press-relizi göndərməzdən öncə onu bir daha gözdən keçirmək lazımdır. Özünüzdən soruşun: «Burada yazılanların hamısımı həqiqətə uyğundur?» Yalanı «tutmaq» çox asandır. Ən yaxşı halda, material dərc edilməyəcək. Ən pis halda isə press-reliz şirkətə qarşı işləməyə başlayacaq.
Təbii ki, təşkilatın və tədbirin adını, tarixi və məkanı, adı çəkilən şəxslərin soyadlarını düzgün göstərmək də çox vacibdir.
Şirkət haqqında informasiya
Şirkət və onun fəaliyyət sahəsi barədə qısa məlumat press-relizin mütləq olmayan, lakin məsləhət görülən hissəsidir. Hətta tanınmış şirkət haqqında belə fəaliyyət sahəsi, məhsulları, yaranma tarixi və digər məlumatların verilməsi məqsədəuyğundur.
"Press-Reliz Yayım Xidməti" şirkətlərə bu hissədən öz mal və xidmətləri barədə ümumi şərh vermək üçün istifadə etməyi məsləhət görür. Eyni zamanda bu hissədən sui-istifadə etmək, onu reklam mətnləri ilə yükləmək olmaz, çünki bu, şirkət haqqında qeyri-ciddi təşkilat obrazı yaratmış olar.
Relizdə bir neçə şirkətin adı çəkilirsə, məsələn, 2 şirkət tərəfdaşlıq barədə müqavilə imzalayıbsa, o zaman yaxşı olardı ki, hər iki şirkət barədə məlumat verilsin.
Əlaqə üçün məlumat
Press-relizin sonunda mütləq aşağıdakı məlumatlar göstərilməlidir:
-korporativ saytın ünvanı;
- telefon, faks, e-mail, zərurət yarandıqda əlavə məlumat və izahat məqsədilə müraciət ediləcək əlaqədar şəxsin adı, soyadı.

