|
2010-07-28
New projects
Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında İrana yeganə qızıl medalı qazandıran Möhsen Şadi Nəğədi milliyyətcə azərbaycanlıdır. Bunu 22 yaşlı avarçəkənin özü Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında etiraf edib.
|
Azərbaycanca səlis danışmağı bacaran Nəğədi İranın Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiya yaxınlığındakı Sulduz Nəğədi şəhərində 4 iyun 1988-ci ildə dünyaya gəldiyini bildirib. Ardıcıl ikinci il 1 nəfərlik yüngül çəkili qayıqla ((BLM1X) 23 yaşlılar arasında dünya çempionu olan gənc idmançı 2008-ci ildə gümüş medal qazanıb.
Nəğədi Azərbaycanı çox sevdiyini bildirib: “İranın Təbriz, Ərdəbil, Urmiya kimi şəhərlərində azərbaycanca danışırlar. Hamımız Azərbaycanı çox sevirik. Həmişə “Ana yurdum Azərbaycan!” deyirik. Azərbaycanı görməyi çox arzulayıram. İstəyirəm ki, ana yurdumu gəzim, dolanım”.
İkiqat dünya çempionu 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da iştirak etsə də, 33 idmançı arasında 25-ci yerlə kifayətlənib. Həmin il böyüklər arasında dünya çempionatında o, 5-ci yeri tutub.
Nəğədi həmçinin bildirib ki, İran yığmasının heyətində Brestdəki dünya çempionatına qatılmış 17 akademik avarçəkəndən 7-si azərbaycanlıdır. Lakin onların heç biri mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, Möhsen Şadi Nəğədi Brestdəki dünya çempionatında 2000 metr məsafəni 7 dəqiqə 17,93 saniyəyə qət edib.

