|
2010-05-19
Tədbirlərdə iştirak
“Ekologiya ili” çərçivəsində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə mayın 18-də “Bərk məişət tullantılarının idarəedilməsi” mövzusunda seminar keçirmişdir.
|
Tədbirdə dövlət qurumlarının, beynəlxalq və yerli təşkilatların nümayəndələri, mütəxəssislər, eləcə də kütləvi informasiya vasitələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ekoloji tarazlığın qorunmasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirmişdir. “Təmiz Şəhər” ASC-nin bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verən Zakir İbrahimov qeyd etmişdir ki, bu sahədəki problemlərin həlli üçün dövlət qurumlarının və ictimaiyyətin birgə fəaliyyəti vacibdir.
“Bərk məişət tullantılarının idarəedilməsi” mövzusunda keçirilən seminarın məqsədi bərk məişət tullantılarının idarəedilməsi sahəsində görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə aidiyyəti qurumlara və ictimaiyyətə məlumat vermək, ətraf mühit problemləri və onlarla mübarizə yolları barədə fikir mübadiləsi aparmaqdır.
Tədbirdə tullantıların emalı sahəsində müasir texnologiyaların tətbiqi, müəssisələrin təkrar xammaldan istifadə potensialının gücləndirilməsi, tullantıların idarə edilməsinin iqtisadi səmərəliliyinin artırılması, tullantıların emalının əsas xüsusiyyətləri, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsiri və digər mövzularla bağlı məruzələr dinlənilmiş, müəssisələrdə yaranan və poliqonlarda yerləşdirilən bərk məişət tullantılarının uçotunun aparılması qaydaları, qabaqcıl ölkələrin təcrübəsinin tətbiqi imkanları və s. məsələlər müzakirə edilmişdir.

